Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Namiq Əşrəfovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Lombard-1” qızıl mağazasında baş verib. Belə ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə mağazaya daxil olub.
Cinayət işi materiallarında göstərilir ki, Namiq Əşrəfov mağazaya adi müştəri qismində gələrək müxtəlif qızıl-zinət əşyalarına baxmağa başlayıb. Bir müddət məhsulları nəzərdən keçirdikdən sonra satıcıdan qiymətlərlə maraqlanıb və qızıl məmulatlarını yaxından görmək istədiyini bildirib. Satıcının digər işlərlə məşğul olmasından istifadə edən təqsirləndirilən şəxs baxmaq adı ilə əlinə götürdüyü bir neçə qızıl-zinət əşyasını gizli şəkildə mənimsəyib. O, ümumilikdə 750 əyarlı, tək qaşlı, 10,5 qram çəkidə və 1660 manat dəyərində olan bir ədəd qızıl üzüyü, 583 əyarlı, qaşlı, 7 qram çəkidə və 910 manat dəyərində olan bir ədəd qızıl üzüyü, eləcə də 583 əyarlı, qaşlı, 7 qram çəkidə və 910 manat dəyərində olan bir ədəd qızıl klonu gizli şəkildə götürüb.
Beləliklə, Namiq Əşrəfov ümumi dəyəri 3 480 manat təşkil edən qızıl-zinət əşyalarının mağazadan aparılması nəticəsində mağaza sahibinə həmin məbləğdə maddi ziyan vurub.
Məhkəmə araşdırmaları zamanı Namiq Əşrəfov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində maddi çətinliklər səbəbindən oğurluq etmək qərarına gəldiyini deyib.
Namiq Əşrəfovun sözlərinə görə, hadisə günü Xırdalan şəhərində yerləşən “Lombard-1” mağazasını gördükdə oradan oğurluq etməyin daha asan olacağını düşünüb və bu məqsədlə həmin obyektə daxil olub. Bir müddət qızıl məmulatlarına baxdıqdan sonra satıcının diqqətinin başqa istiqamətə yönəldiyini görərək fürsətdən istifadə edib.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, satıcının başının qarışıq olduğunu gördükdə qızıl əşyalar arasından bir ədəd üzüyü və bir ədəd qızıl klonu gizli şəkildə götürərək əlinin içində gizlədib. Daha sonra mağazaya məxsus vizit kartını götürərək yaxın zamanda geri qayıdacağını bildirib və oranı tərk edib.
İş materiallarına əsasən, mağazadan çıxdıqdan sonra Namiq Əşrəfov Abşeron rayonu ərazisində yerləşən və özünün tanımadığı başqa bir qızıl mağazasına gedib. O, oğurladığı qızıl əşyaları özünə məxsus kimi təqdim edərək satmağa nail olub. Belə ki, qızıl üzüyü 300 manata, qızıl klonu isə 250 manata satıb.
Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib. O qeyd edib ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir hissəsini – 500 manatını ödəyib və tərəflər arasında razılıq əldə olunub.
Namiq Əşrəfov həmçinin zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayətinin qalmadığını deyərək, bu halların cəza təyin edilərkən nəzərə alınmasını və barəsində yüngül cəza seçilməsini məhkəmədən xahiş edib.
Kamal Məmmədov
Mənbə: pravda.az