Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Noyabrın 27-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yarmarkada ölkənin müxtəlif bölgələrindən olan arıçılar öz məhsullarını təqdim edirlər.
Musavat.com xəbər verir ki, tədbirdə təbii arıçılıq məhsullarının istehsalı və satışı ilə tanınan Məhəmməd (Maqa) Vociyev də iştirak edib. O, yarmarkaya müxtəlif çeşiddə bal məhsulları gətirib.
Müsahibimizlə söhbətimizdə balın çeşidləri, alıcıların üstünlük verdiyi məhsullar, son illər maraq doğuran krem balının hazırlanma texnologiyası, eləcə də təbii balın saxtasından fərqləndirilməsi yolları barədə danışdıq.
– Yarmarkaya hansı məhsullarla qatılmısınız?
– Biz əsasən üç çeşid bal gətirmişik: may balı, dağ balı və meşə balı. Sonuncu, əslində, gəzəngi balı adlanır və qara rəngdə olur. Məhsul çeşidlərini müəyyənləşdirərkən müştərilərin tələbatını nəzərə alırıq. Hansı bala daha çox maraq varsa, həmin məhsuldan çox gətirməyə çalışırıq.
Ağ krem balına da maraq böyükdür. Müştərilər bu məhsulu çox bəyənirlər. Sadəcə, yarmarkadakı şəraitin krem balının saxlanılması üçün nə dərəcədə uyğun olduğunu əvvəlcədən bilmədiyimizdən onu az miqdarda gətirmişik. Çünki temperatur uyğun olmadıqda balın rəngi dəyişə, saralma baş verə bilər. Görünür, şərait münasibdir. Kaş ki, daha çox gətirəydik.
– Krem balı necə hazırlanır?
– Bunun xüsusi aparatı var. Təxminən üç ildir ki, biz bu məhsulu müştərilərə təklif edirik. Xaricdə isə 20 ildən artıqdır hazırlanır. Krem balı xüsusi aparat vasitəsilə 8-10 gün ərzində hazırlanır. Heç bir əlavə qatqı, dad və ya rəngverici maddə istifadə olunmur. Bu, bildiyimiz təbii baldır, sadəcə xüsusi texnologiya ilə qarışdırılaraq krem formasına salınır.
Qarışdırılma prosesi də adi qaydada həyata keçirilmir. Aparatın öz iş prinsipi, müəyyən edilmiş saatları, dəqiqələri və dövriyyə sayı var. Həmin qaydalara uyğun olaraq bal krem konsistensiyasını alır.
– Dad baxımından adi baldan fərqlənirmi?
– Əsasən balın öz dadı qalır, sadəcə krem formasında olur. Bir qədər qatılaşdırılmış südə də bənzəyir.
– Qiyməti nə qədərdir?
– Bu 1 kq-lıq qabda 850 qram krem balı var. Adi balın eyni ölçülü qabda çəkisi bir kiloqram olur. Krem balının tərkibində hava daha çox olduğundan çəkisi nisbətən az gəlir. Hər iki məhsulun qiyməti 40 manatdır. Yəni qabın ölçüsü eyni olsa da, krem balında 150 qram az məhsul olur.
– Digər bal çeşidləri arasında alıcıların ən çox üstünlük verdiyi hansıdır?
– Əsas tələbat dağ balına və qara tikan balına olur. Xüsusilə dağ balına maraq daha çoxdur. Əslində, təqdim etdiyimiz bal çeşidlərinin hamısı keyfiyyətlidir. Sadəcə, insanlar öz ağız dadlarına, rəng və dad seçimlərinə uyğun məhsul alırlar.
Bunu meyvə bağına bənzətmək olar. Bağa daxil olanda bilirik ki, oradakı meyvələrin hamısı təbiidir. Amma biri armud, digəri alma, başqası gilas və ya alça seçir. Balda da vəziyyət eynidir. Hər kəs öz zövqünə uyğun çeşidə üstünlük verir.
– Alıcılar üçün ən vacib məsələlərdən biri də təbii balı saxta məhsuldan ayırmaqdır. Peşəkar arıçı kimi deyə bilərsinizmi, bunu necə müəyyənləşdirmək olar?
– Əslində, bunu adi üsullarla müəyyənləşdirmək mümkün deyil. Balın təbii olub-olmadığını yalnız laboratoriya şəraitində yoxlamaq mümkündür. Məsələn, balın qırılmaması, nəlbəkiyə damızdırılaraq saat əqrəbi istiqamətində fırladılması nəticəsində şan gözlərinə bənzər formaların yaranması və ya qaşıqda yandırılması kimi üsullar var. Bunları insanlara təbii balı müəyyənləşdirməyin yolları kimi təqdim edirlər. Halbuki həmin üsulları adi mürəbbə suyu ilə də sınaqdan keçirsəniz, oxşar nəticə əldə edə bilərsiniz.
Bəzi satıcılar bu görüntünü balın genetik kodu kimi izah edirlər. Amma bu, düzgün yanaşma deyil. Balın keyfiyyətini müəyyənləşdirməyin etibarlı yolu laboratoriya analizidir.
Laboratoriya yoxlamalarının qiyməti də yüksəkdir. Bunu bilən bəzi işbazlar alıcıların hər dəfə bal alarkən məhsulu laboratoriyaya aparıb yoxlatdırmayacağından istifadə edirlər.
– Deməli, alıcılar bal alarkən daha çox tanıdıqları və etibar etdikləri arıçılara üstünlük verməlidirlər?
– Bəli, ən yaxşısı etibar etdikləri insanlardan bal almaqdır. Həmçinin bazardakı qiymətləri də nəzərə almaq lazımdır. Məhsulun qiyməti müəyyən olunmuş bazar səviyyəsindən xeyli aşağıdırsa, alıcı ehtiyatlı davranmalıdır.
– Azərbaycanda təbii balın qiyməti təxminən hansı aralıqdadır?
– Hər kəsin öz satış siyasəti var, buna müdaxilə etmək istəmirəm. Amma Azərbaycanda təbii bal üçün real qiymətlərin 30-35 manat civarında olduğunu, ən aşağı qiymətin isə təxminən 25 manat təşkil edə biləcəyini düşünürəm. Halbuki bazarlarda 15 manata da bal təklif olunur. Marketlərdə 2 manat 70 qəpik, 6 və ya 8 manata satılan məhsullara da rast gəlirik. Alıcılar bu qiymətlərə diqqət yetirməli, məhsulun keyfiyyətinə şübhə ilə yanaşmalıdırlar.
Mənbə: musavat.com