Azərbaycanda mülki aviasiya sahəsində bir sıra anlayışlar dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kollegiyanın qərarını imzalayıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1997, 1999 və 2017-ci illərdə qəbul edilmiş bir sıra qərarları ilə təsdiqlənən vahid tarif-ixtisas sorğu kitabçalarına dəyişikliklər edilib.
Dəyişikliklər əsasən mülki aviasiya sahəsində istifadə olunan terminologiyanın yenilənməsini, vəzifə adlarının dəqiqləşdirilməsini, əmək funksiyalarının müasir aviasiya qanunvericiliyinə uyğunlaşdırılmasını əhatə edir.
Belə ki, sənəddə “Vertolyot” sözü “Helikopter”, “Ekipaj” ifadəsi “Hava gəmisi heyəti”, “Aeroport” sözü isə müvafiq hallarda “Hava limanı (aeroport)” ifadəsi ilə əvəz olunub. Həmçinin “Qəza-xilasetmə” anlayışı “Xilasetmə və yanğınsöndürmə” ifadəsi ilə dəyişdirilib.
Eyni zamanda, baş şef-pilot, aerodrom xidmətinin rəisi, aeronaviqasiya məlumat mərkəzinin rəisi, aviasiya təhlükəsizliyi xidmətlərinin rəhbərləri və digər vəzifələr üzrə əmək funksiyalarına və terminologiyaya müvafiq dəyişikliklər edilib.
Sənəddə Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına və tövsiyə olunan təcrübəsinə istinadlar da dəqiqləşdirilib.
Həmçinin hava məkanından istifadə və uçuş qaydaları ilə bağlı yeni normativ hüquqi aktlara istinadlar əlavə olunub.
Mənbə: bizim.media