Bəzi hallarda yeni rəhbərlərin vəzifəyə gəlişi ilə əməkdaşların işdən ayrılması, onların yerinə yeni şəxslərin gətirilməsi halları müşahidə olunur. Bu isə dövlət qulluğunda kadr sabitliyi, peşəkarlıq və dövlət vəsaitlərinin səmərəli istifadəsi məsələlərini gündəmə gətirir. Ekspertlərin diqqət çəkdiyi əsas məqamlardan biri də budur ki, rəhbər dəyişikliyi avtomatik olaraq kadr dəyişikliklərinə səbəb olmamalıdır.
Dövlət qurumlarında rəhbər dəyişikliyindən sonra kadrların yenilənməsi nə dərəcədə zəruridir və bu proses hansı prinsiplər əsasında aparılmalıdır?
Hüquqşünas Sahib Məmmədovun fikrincə, bütün qurumlara aid edilməsə də, belə bir mənfi təcrübə var.

O, Musavat.com-a şərhində qeyd edib ki, elə mərkəzi icra hakimiyyəti orqanları var ki, rəhbərləri dəyişsə də, işçilərin əksəriyyəti öz vəzifələrində qalıb işləməyə davam ediblər, yaxud kadr dəyişiklikləri qismən həmin rəhbərin işlədiyi dövrdə başlayıb:
“Əksər hallarda vəziyyət belədir: yeni rəhbər vəzifəyə gələn kimi hamıdan ərizə alır, sonra isə istədiyi şəxsi işdən çıxarır, istədiyini isə vəzifəsində saxlayır. Bu cür yanaşma dövlət orqanlarında xüsusilə yolverilməzdir. Çünki dövlət hər bir dövlət qulluqçusunu işə qəbul edərkən onun hazırlanmasına əhəmiyyətli vəsait xərcləyir, ona investisiya qoyur. Dövlət İmtahan Mərkəzi tərəfindən test imtahanı, müsahibə mərhələsi və digər prosedurlar həyata keçirilir. Bütün bunlar dövlət üçün xərc deməkdir. Şəxs dövlət orqanında işə qəbul olunur, fəaliyyətə başlayır, elə bu zaman rəhbər dəyişir və həmin şəxsin vəzifəsində qalmaq şansı olmur. Yeni rəhbər onu işdən çıxarır və yenidən işə qəbul prosesinə başlayır. Nəticədə dövlət təkrar xərc çəkməli olur. Çünki həmin vəzifələrə qəbul olunacaq şəxslər də Dövlət İmtahan Mərkəzinin test və müsahibə mərhələlərindən keçməlidirlər. Bu, dövlət orqanlarının müəyyən kateqoriyalarında belədir. Ən azı şöbə müdiri vəzifəsindən aşağı olan bütün vəzifələrə qəbul bu qaydada həyata keçirilir. Ona görə də bu, ağlasığmaz vəziyyətdir. Yeni rəhbər vəzifəyə gələndə baxır ki, həmin orqanda çalışanların əksəriyyəti onun yaxın adamları, qohumları və sair deyil. Bu zaman fikirləşir ki, kadr dəyişikliyi etsin. Halbuki məmur kimin vəzifədə olub-olmamasından, hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, öz funksiyasını yerinə yetirməlidir. Məmur məmurdur və işləməlidir. İnzibati vəzifə tutan və ya yardımçı vəzifədə çalışan dövlət qulluqçusunun rəhbərin şəxsi münasibətləri ilə nə əlaqəsi var? Eyni tendensiya büdcə təşkilatlarında və publik hüquqi şəxslərdə də müşahidə olunur. Təəssüf ki, bu, Azərbaycanda geniş yayılmış və yanlış bir praktikadır. Bu o deməkdir ki, ölkədə kadr sabitliyini qorumaq, bir peşədə uzun müddət çalışmaq çox çətindir. Belə şəraitdə işçinin iş yerindəki gələcəyi gördüyü işin keyfiyyətindən, bacarığından və biliyindən daha çox rəhbərin şəxsi yanaşmasından asılı olur. Bu, çox pis praktikadır. Üstəlik, bunun adını kadr islahatı qoyurlar. Halbuki kadr islahatı tamamilə başqa məfhumdur. Burada söhbət işçilərin kütləvi şəkildə işdən çıxarılmasından və onların yerinə rəhbərin yaxınlarının gətirilməsindən gedir. Dövlət təsərrüfat subyektlərində də belə hallara rast gəlinir. Lakin dövlət tabeliyində olan qurumlarda bu vəziyyət xüsusilə ciddi və mənfi nəticələr doğurur. Nəticədə idarəetmədə naşılıq baş alıb gedir. Dövlət idarəetmə sistemində, eləcə də kommersiya qurumlarında kifayət qədər qeyri-peşəkar şəxslərin cəmləşdiyini görürük. Məsələn, ingilis dili bilən, lakin başqa sahələrdə zəruri bilik və bacarıqlara malik olmayan, əhali ilə ünsiyyət qurmağı bacarmayan şəxslər yalnız ingilis dili bildiklərinə görə işə qəbul edilirlər”.
Nigar Həsənli
Mənbə: musavat.com