Gədəbəy rayonunda bir sıra kənd yollarının vəziyyəti sakinlərin narazılığına səbəb olub. Rayon sakinləri bəzi istiqamətlərdə yolların uzun müddətdir təmir olunmadığını, gediş-gəlişin çətinləşdiyini bildirirlər.
AZXEBER.COM xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesabında paylaşımlara münasibət bildirən sakinlər müxtəlif kəndlərdəki yol problemlərini gündəmə gətiriblər.
Şərhlərdə Saratovkadan Başkənd və Düz Rəsullu kəndlərinə gedən yolun, eləcə də Düz Rəsullu kəndində müəyyən hissələrin uzun illərdir təmir gözlədiyi qeyd olunub. Sakinlər yolun dağıldığını, yararsız vəziyyətə düşdüyünü bildirərək problemin həllini istəyiblər.
Böyük Qaramurad kəndinin yolları ilə bağlı da narazılıq ifadə olunub. Sakinlər İnəkboğan kəndində yolun asfaltlanmasını müsbət qiymətləndirsələr də, həmin asfalt örtüyünün Böyük Qaramuradı magistral yola birləşdirən təxminən 2 kilometrlik hissəyə qədər uzadılmasını istəyirlər. Onların sözlərinə görə, bu istiqamətdə yolun vəziyyəti ciddi çətinlik yaradır.
Bundan başqa, Şəmkir-Gədəbəy-Saratovka yolunun da diqqətdən kənarda qalmaması ilə bağlı çağırış edilib. Parakənd kəndinin yollarının vəziyyətindən şikayət edən sakinlər isə ərazidə asfalt örtüyünün çəkilməsini gözlədiklərini bildiriblər.
Sakinlərdən biri Plankənd kəndində də qaz və asfalt məsələsinin həllinin vacibliyini vurğulayıb. Digər rəylərdə isə rayonun abadlaşdırılması, kəndlərdə infrastrukturun yaxşılaşdırılması və əhalinin sosial problemlərinə diqqət ayrılması ilə bağlı çağırışlar yer alıb.
Mənbə: azxeber.com