Cəbrayılın nəhəng bayrağını tikənlər: “Turan Tovuz”a da onlar bayraq hazırlayıb! – TANIYIN (Video+Fotolar)

Cəbrayılın nəhəng bayrağını tikənlər: “Turan Tovuz”a da onlar bayraq hazırlayıb! – TANIYIN (Video+Fotolar)

Azərbaycanın uca zirvələrində, azad edilmiş rayonlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Külək hər dəfə onu dalğalandıranda sanki Vətənin səsi eşidilir. Amma heç düşünmüşükmü ki, onu kimlər hazırlayır? Qarabağın yüksəkliklərində, dövlət tədbirlərində, hərbi hissələrdə dalğalanan bayraqlar hansı əllərin zəhməti ilə ərsəyə gəlir? Bir bayrağın arxasında bəzən saatlarla davam edən əmək, diqqət və böyük məsuliyyət dayanır. Onu hazırlayanlar üçün bu, sadəcə tikiş işi deyil. Hər parçada, hər ölçüdə, hər tikişdə Vətənə bağlılıq var.

Bu suallara cavab tapmaq üçün Musavat.com-un əməkdaşı “Azər Atribut”un istehsalat sexinə yollanıb. Məqsədimiz bayrağımızın hazırlanma prosesini yaxından izləmək, bu işin görünməyən qəhrəmanları ilə söhbətləşməkdir.

Sexin qapısından içəri daxil olan kimi bizi müxtəlif bayraqlar qarşılayır. Bir tərəfdə Azərbaycanın üçrəngli dövlət bayrağı, digər tərəfdə vaxtilə mövcud olmuş xanlıqların bayraqları, ayrı-ayrı futbol klublarının atributları...

İki geniş otaqdan ibarət istehsalat sahəsinin, demək olar ki, hər guşəsində bayraq var. Burada parçalar biçilir, rənglər canlanır, tikiş maşınları işləyir. Bir sözlə, bayrağın hazırlanması üçün bütün proseslər bu otaqlarda həyata keçirilir.

Sexin əməkdaşı Kanfura Məmmədova bildirir ki, müəssisə 17 ilə yaxındır fəaliyyət göstərir. Hazırda burada 10 nəfər çalışır. Süfrələr, şirkət atributları, qalstuklar və müxtəlif məhsullar hazırlansa da, əsas fəaliyyət istiqaməti dövlət bayraqlarının tikilməsidir. Əsas sifarişçilər arasında Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, muzeylər və müxtəlif şirkətlər var.

Burada hər kəsin öz işi, öz məsuliyyəti var. Çapçı, dizayner, biçinçi, tikişçi... Hər biri bayrağın ərsəyə gəlməsində mühüm rol oynayır.

kanfura.jpg (192 KB)


Bəs bir bayraq hansı mərhələlərdən keçir?

Kanfura xanım istehsal prosesini belə izah edir: əvvəlcə bayrağın təsviri kağız üzərində çapa hazırlanır. Daha sonra xüsusi avadanlıq vasitəsilə parça üzərinə köçürülür. Növbəti mərhələdə material biçin stoluna verilir. Bundan sonra tikiş, ütüləmə və qablaşdırma işləri görülür. Beləliklə, təxminən 20-25 dəqiqə ərzində bir bayraq hazır olur.


Sexin dizayneri Emma Bağırova da söhbətimizə qoşulur. O deyir ki, sifarişlərin əsas hissəsi dövlət qurumlarından və özəl şirkətlərdən daxil olur. Bakı Dövlət Universiteti və Müdafiə Nazirliyi də onların sifarişçiləri arasındadır.

çap prosesi.jpg (151 KB)


Bununla yanaşı, korporativ sifarişlər də hazırlanır. Şirkətlər üçün qalstuk, yaylıq, şərf və digər atributlar tikilir. Ancaq əsas iş yenə də bayraqlardır.

Söhbət əsnasında sexin əməkdaşlarından biri maraqlı bir məqamı açıqlayır. İndiyədək hazırladıqları ən böyük bayraq Cəbrayılda ucaldılıb. Ölçüsü isə 30x70 metr olub.
Artıq səkkiz ildir bu sexdə çalışan Aynur Zeynalova deyir ki, bayraq tikmək kənardan göründüyü qədər asan deyil. Burada hər detal dəqiqlik tələb edir.

aynur zeynalova.jpg (155 KB)

“Bu, həm qürurverici, həm də məsuliyyətli işdir. Rənglərdən tutmuş tikişinə qədər hər şey dəqiqliklə hazırlanmalıdır. Vətən müharibəsi zamanı gecə-gündüz çalışırdıq. Hər gün bayraq tikirdik. Hazırladığımız bayraqlar Qarabağda istifadə olunur, yüksəkliklərə sancılırdı”. Aynur xanımın sözlərində həm peşə qüruru, həm də həmin günlərin həyəcanı duyulur. Onlar cəbhədə deyildilər. Amma hazırladıqları bayraqlar döyüşçülərin azad etdikləri torpaqlarda dalğalanırdı.

Sexdə 17 ildir çalışan Fina Məmmədova ilə söhbətimiz isə daha kövrək məqamlarla davam edir. O, Vətən müharibəsi günlərini xatırlayarkən bir anlıq susur. Deyir ki, ən ağır məqamlar cəbhədən şəhid xəbərləri gələndə yaşanırdı. Hər belə xəbərdən sonra sexdə daha bir bayraq hazırlanırdı.


“Biz bu bayraqları şəhidlərimiz naminə, təmənnasız tikirdik. Elə olurdu ki, axşamlar da burada qalır, işləyirdik. Əsgərlərimiz ön cəbhədə döyüşürdülər, biz isə burada onları ruhlandıran bayraqları hazırlayırdıq”.

Bu sözlər istehsalat sexinin divarları arasında yaşanan başqa bir tarixi də üzə çıxarır. Müharibənin ön cəbhəsində əsgərlərimiz vuruşurdusa, arxa cəbhədə onların qələbəsinə öz zəhməti ilə töhfə verən insanlar vardı.

Əməkdaşlar hazırladıqları bayraqların keyfiyyəti ilə fəxr edirlər. Deyirlər ki, onların tikdiyi bayraqları digər nümunələrdən fərqləndirə bilirlər: “Keyfiyyətinə, tikişinə, materialına görə bayraqlarımız seçilir. Biz öz tikişimizi tanıyırıq”, – Kanfura Məmmədova bildirir.

ümumi.jpg (248 KB)


Onun sözlərinə görə, sifarişlərin sayı dövlət tədbirlərinin intensivliyindən asılı olaraq dəyişir. Elə ay olur ki, sifarişlər azalır, elə ay da olur ki, işin öhdəsindən gəlmək üçün daha çox çalışmalı olurlar.

“Torpaqlarımız azad olunduqca bizim tikdiyimiz bayraqlar orada dalğalanırdı. Biz bununla fəxr edirdik”, – deyə Kanfura xanım əlavə edir. Aynur Zeynalova isə bayraqların hazırlanma texnologiyasından danışır. Onun sözlərinə görə, burada aypara və səkkizguşəli ulduz ayrıca tikilmir, çap prosesi zamanı parça üzərinə köçürülür. Üç rəngin arasında da əlavə tikiş xətti olmur.

Sexdə yalnız dövlət bayraqları tikilmir. Muzeylərdən tarixi xanlıqların bayraqlarına da sifarişlər daxil olur. Müxtəlif şirkətlərin və idman klublarının atributları da burada hazırlanır.

bayraq.jpg (182 KB)


Emma Bağırova deyir ki, futbol klublarından da iri ölçülü sifarişlər alırlar. Onların hazırladığı nümunələrdən biri “Turan Tovuz” futbol klubunun 30x20 metr ölçüsündə bayrağı olub.

“Bu bayrağı hissə-hissə tikərək birləşdirmişdik. Sonra oyunda nümayiş etdirildi. Biz uzaqdan da öz tikdiyimiz bayrağı tanıyırıq. Hazırladığımız bayraqları bütün respublika görür”, – deyə Fina Məmmədova söhbətə qoşularaq bildirir.

xanlıqlar.jpg (141 KB)


Kanfura Məmmədova daha bir maraqlı məqamı xatırladır. Ulu Öndər Heydər Əliyevin portreti əks olunan bayrağı da məhz bu sexdə hazırlayıblar. Həmin bayraq təyyarə vasitəsilə səmada dalğalanıb.

Sexdən ayrılarkən bir daha bayraqlara nəzər salırıq. Bir az əvvəl sadəcə parça kimi gördüyümüz nümunələrin arxasında neçə-neçə insanın zəhməti dayanır.

Bu qadınlar illərdir bayraq tikirlər. Bəzən bir neçə dəqiqəyə, bəzən gecəyarısına qədər davam edən zəhmətlə... Onların hazırladığı bayraqlar dövlət tədbirlərində, hərbi hissələrdə, muzeylərdə, idman arenalarında, Qarabağın azad edilmiş yüksəkliklərində dalğalanır.

Bəlkə də heç vaxt azad olunan ərazilərdə bayrağın sancıldığı yükəklikləri yaxından görməyiblər. Amma o bayrağın hər dalğalanışında onların da payı var. Bu sexin əməkdaşları öz işləri ilə üçrəngli bayrağımızın tarixində kiçik, amma qürurverici bir iz buraxırlar.

Turan Tovuz.jpg (55 KB)

yeni.jpg (158 KB)

bayraqqq.jpg (112 KB)

saplar.jpg (237 KB)

qızlar.jpg (221 KB)qalstuk.jpg (164 KB)

bayraqlarrrr.jpg (153 KB)

Mənbə: musavat.com