"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin mətbuat xidməti vəzifəsindən ayrıldı. Bu qərara görə yeni təyin olunmuş səhiyyə naziri Anar Bayramova peşəkar media nümayəndələri adından dərin təşəkkürümü bildirirəm".
Musavat.com xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb. O bildirib ki, Pərviz Abubəkirovun bu vəzifəyə gəlişindən sonra media ilə Səhiyyə Nazirliyi arasında dərin uçurum yaranmışdı:" Suallarına cavab ala bilməyən jurnalistlər həmin cavabları xəstəxanalarda, birbaşa həkimlərdən axtarmağa məcbur qaldılar.
Nəticədə mətbuat xidmətinin üzərinə düşən işi həkimlər görməli olur, bu isə media, cəmiyyət və tibb işçiləri arasında əlavə gərginlik yaradırdı.
Halbuki həkimin vəzifəsi nazirliyin mətbuat katibini əvəz etmək deyil. Səhiyyə siyasəti, sistemdəki problemlər və ictimai əhəmiyyətli məsələlərlə bağlı rəsmi açıqlamaları vermək məhz nazirliyin məsuliyyətidir.
Mənim qənaətimcə, Pərviz Abubəkirovun rəhbərliyi dövründə bu kommunikasiya sistemi faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Suallara cavab vermək əvəzinə susmaq üstün tutulurdu. Nəticədə də nazir Teymur Musayev nüfuzunu itirdi və postunu tərk etmək məcburiyyətində qaldı".
Jurnalist iddia edib ki, P. Abubəkirovun diplomu olmayıb:
"Bir daha xatırladım ki, Pərviz Abubəkirovun ali təhsili yox idi. Sonradan saxta diplom tapa da bilər. Mən onun kimi müəllifi olduğu bir məqaləyə belə rast gəlməmişəm. Onu televiziya mühitindən kriminal xəbərlərin həftəlik montajını hazırlayan əməkdaş kimi tanıyıram. ANS-də montojor postunda idi.
Əsas sual isə budur: müvafiq təhsili və peşə hazırlığı olmayan şəxs belə məsuliyyətli dövlət vəzifəsinə necə təyin edilə bilər. Bəs onu təyin edənlərin məsuliyyəti haradadır. Ümid edirəm ki, Azərbaycan səhiyyəsində başlayan dəyişikliklər davam edəcək".
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. O, bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.
Şahanə Rəhimli
Mənbə: musavat.com