Bir ölkədə oxu, digərində diplomunu tanıt - Türkiyə ilə Gürcüstan arasında mühüm razılaşma

Bir ölkədə oxu, digərində diplomunu tanıt - Türkiyə ilə Gürcüstan arasında mühüm razılaşma

Türkiyə və Gürcüstan ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək barədə mühüm memorandum imzalayıb.

Musavat.com xəbər verir ki, razılaşma tələbələrin və müəllimlərin qarşılıqlı mübadiləsini, birgə diplom proqramlarının yaradılmasını və ali təhsil sənədlərinin tanınması istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Sənədi Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri, professor Erol Özvar imzalayıblar.

Razılaşmaya əsasən, iki ölkənin universitetləri bakalavr, magistratura və doktorantura səviyyələrində birgə diplom proqramları yarada, tələbə və müəllim mübadiləsini genişləndirə biləcəklər.

Həmçinin tələbələrin qarşılıqlı təcrübə proqramlarında iştirakı, birgə elmi araşdırmaların aparılması, beynəlxalq elmi konfransların təşkili və təqaüdlü təhsil imkanlarının artırılması nəzərdə tutulur.

Ən mühüm istiqamətlərdən biri diplomların tanınmasıdır.

Tərəflər akademik dərəcələrin və diplomların tanınması ilə bağlı məlumat mübadiləsi aparacaq, mövcud prosedurlar üzrə əməkdaşlığı gücləndirəcəklər.

Razılaşmanın həyata keçirilməsi üçün xüsusi işçi qrupu yaradılacaq. Qrupa Gürcüstan nazirinin müavini Zviad Qabisoniya və Türkiyə Ali Təhsil Şurası sədrinin müavini, professor Naci Gündoğan rəhbərlik edəcəklər.

Bundan başqa, Türkiyə universitetlərində kartvelologiya, yəni gürcü dili, tarixi və mədəniyyətinin öyrənilməsi üzrə akademik proqramların inkişafı müzakirə olunub.

Xatırladaq ki, oktyabrın 2-də Türkiyə və Gürcüstan arasında təhsil sahəsində daha geniş əməkdaşlıq sazişi də imzalanıb. Həmin sənəd qarşılıqlılıq prinsipi əsasında təhsil müəssisələrinin açılmasını, türk və gürcü dillərinin tədrisinin təşviqini, diplomların ekvivalentliyi üzrə iş aparılmasını nəzərdə tutur. Gürcüstan hökuməti oktyabrın 16-da həmin sazişi təsdiqləyib.

Yeni memorandumun konkret tətbiq mexanizmləri, iştirakçı universitetlər və proqramların başlanma tarixləri isə növbəti mərhələdə müəyyənləşdiriləcək.

Musavat.com

Mənbə: musavat.com