50 yaşdan sonra xoşbəxt olmaq üçün bu 5 vərdişdən əl çəkin

50 yaşdan sonra xoşbəxt olmaq üçün bu 5 vərdişdən əl çəkin

50 yaşdan sonra insan həyatına və keçmişdə reallaşmayan arzularına fərqli nəzər salmağa başlayır. Psixoloq Entoni DeMaria hesab edir ki, bu dövrü daha rahat və dolğun yaşamaq üçün bəzi gözləntilərdən imtina etmək lazımdır.

Mütəxəssis bu barədə “Parade” nəşrinə danışıb.

Psixoloqun sözlərinə görə, 50 yaş ətrafında insanlar karyera, övladlar və yaşlı valideynlərə qayğı kimi müxtəlif məsuliyyətlər arasında qala, eyni zamanda həyatın planlaşdırıldığı kimi getməməsindən narahatlıq keçirə bilərlər.

Mütəxəssis xoşbəxtliyə mane olan beş əsas düşüncə tərzini qeyd edib:

1. Hər şeyin plana uyğun getməli olduğunu düşünmək

Həyat üçün müəyyən məqsədlərin olması vacibdir, lakin onlara sərt qaydalar kimi yanaşmaq stressi artıra bilər. Planların dəyişə biləcəyini qəbul etmək insanın gözlənilməz vəziyyətlərə daha asan uyğunlaşmasına kömək edir.

2. Yaş artdıqca həyatın darıxdırıcı olacağına inanmaq

Psixoloq hesab edir ki, yaş insanın yumora, əyləncəyə, yeni təcrübələrə və maraqlı məşğuliyyətlərə ehtiyacını aradan qaldırmır. Yeni fəaliyyətlərə açıq olmaq həyatın sonrakı mərhələlərini də maraqlı edə bilər.

3. 20 yaşındakı görünüşü qorumağa çalışmaq

İllər keçdikcə bədəndə dəyişikliklərin baş verməsi təbii prosesdir. Bu dəyişikliklərlə mübarizə aparmaq əvəzinə onları qəbul etmək insanın özünə münasibətini yaxşılaşdıra və daxili rahatlıq yarada bilər.

4. Hamının xoşuna gəlməyə çalışmaq

Mütəxəssis bildirir ki, hər kəs tərəfindən bəyənilmək mümkün deyil. İnsan bütün enerjisini başqalarını razı salmağa sərf etmək əvəzinə, onun üçün həqiqətən önəmli olan münasibətlərə və insanlara yönəldə bilər.

5. Xoşbəxtliyi yalnız karyera uğurunda axtarmaq

Bəzi insanlar öz dəyərini yeni vəzifələr və peşəkar nailiyyətlərlə ölçür. Lakin əldə olunan uğurları qiymətləndirmək və mövcud həyatın müsbət tərəflərindən zövq almaq da məmnunluq hissinin formalaşmasında mühüm rol oynayır.

DeMaria 50 yaşdan sonra həyatın daha dolğun olması üçün mənalı fəaliyyətlərə vaxt ayırmağı, müntəzəm fiziki aktiv olmağı və yeni sosial əlaqələr qurmağı da tövsiyə edir. Onun fikrincə, ailə ilə vaxt keçirmək, başqalarına kömək etmək və sevilən məşğuliyyətlər insanın həyatına əlavə məna qata bilər.

Mənbə: demokrat.az