Sabiq MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümünə dair aparılan təhqiqat çərçivəsində "Kurtlar Vadisi" serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın prokurorluqda verdikləri ifadənin təfərrüatları məlum olub.
Silivri Cümhuriyyət Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında vəfat edən K.Kozinoğlunun ölümü ilə bağlı başlanılan təhqiqat davam edir.
Araşdırmalar çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristləri "məlumatlı şəxs" qismində dindirilmək üçün Silivri Məhkəməsinə çağırılıblar.
Şaşmaz, Özdener və Aysan təxminən 2 saat davam edən ifadə prosesindən sonra məhkəmə binasını tərk ediblər.
Jurnalist Sinan Burhan "tv100" telekanalındakı açıqlamasında üç ssenaristin ifadəsindən detalları paylaşıb.
Məlumata görə, prokurorluq ssenaristlərə “Kozinoğlu ilə bağlı ssenari necə yazıldı? Hər hansı şəxs və ya qurumdan təsirləndinizmi, sizə ssenari təzyiqi olundumu?” sualını ünvanlayıb.
Ssenaristlər isə cavablarında hər hansı kənar müdaxiləni təkzib ediblər: "Xeyr, bizə hər hansı şəxs və ya qurum tərəfindən heç bir təzyiq olunmayıb. Bizim mətnimiz təbii axarında inkişaf edən bir mətndir. Təsadüfən üst-üstə düşüb. Hər hansı qərəz yoxdur".

Mənbə: www.musavat.com