Türkiyənin Milli Təhsil Nazirliyi övladı ibtidai məktəbə başlayacaq dövlət qulluqçularına 7-11 sentyabr tarixlərində gündə 3 saat inzibati məzuniyyət veriləcəyini açıqlayıb.
“NTV Haber”ə istinadən xəbər verilir ki, qərar yeni dərs ilində valideynlərin uşaqların məktəbə adaptasiya prosesində daha fəal iştirakını təmin etmək məqsədilə qəbul edilib.
Nazirliyin dərc etdiyi “2026-2027-ci tədris ili üzrə iş və əməliyyatlar” haqqında təlimata əsasən, məktəbəqədər təhsil, 1-ci və 5-ci sinif şagirdləri üçün uyğunlaşma həftəsi 7-11 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.
Prezident Administrasiyasının dövlət qurumlarına ünvanladığı məktuba əsasən, dövlət qulluğunda çalışan valideynlərdən biri müraciət etdiyi təqdirdə, övladının dərslərinə uyğun olaraq gün ərzində 3 saatı keçməmək şərtilə icazəli sayılacaq.
Qeyd edək ki, valideynlərin prosesə inteqrasiyası yalnız uyğunlaşma həftəsi ilə məhdudlaşmayacaq, “Ailəmlə məktəb yolu” proqramı çərçivəsində ilboyu davam edəcək.
Mənbə: qafqazinfo.az