Türkiyədə uşaqlarının davranış pozuntularına məhəl qoymayan valideynlər cəzalandırılacaq

Türkiyədə uşaqlarının davranış pozuntularına məhəl qoymayan valideynlər cəzalandırılacaq

Türkiyədə 18 yaşınadək yeniyetmə və uşaqların müxtəlif pozuntularının müalicəsi üzrə tələblərə əməl etməyən valideynlər 3 gündən 10 günədək müddətə məsuliyyətə cəlb oluna bilərlər.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş NTV telekanalının efirində milli qanunvericiliyin dəyişdirilməsinə dair müvafiq təşəbbüslər barədə danışıb. Onun sözlərinə görə, təklif olunan düzəlişlərə əsasən, müxtəlif asılılıq formaları olan yetkinlik yaşına çatmayanların xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün valideynlərin razılığı tələb olunmayacaq, yəni onlar məcburi olacaq.

“Bəzən uşağının vəziyyətini açıq şəkildə görməzdən gələn və ya onun inkişafına görə üzərinə məsuliyyət götürməyən ailələrlə qarşılaşırıq, məsələn Kahramanmaraşdakı məktəbə qanlı hücum zamanı olduğu kimi. Ailə faktiki olaraq uşağına laqeyd yanaşdı”, - deyə o qeyd edib.

Nazir, həmçinin vurğulayıb ki, risklərin erkən mərhələdə müəyyən edilməsi uşağın cəmiyyətə yenidən inteqrasiyasına imkan verir: “Uşaq cinayətə cəlb olunmazdan əvvəl onun üçün riskləri minimuma endirmək və mümkünsə aradan qaldırmaq vacibdir”.


Mənbə: unikal.az