Uşağı necə tərifləmək lazımdır? — Üç psixoloqun cavabı

Uşağı necə tərifləmək lazımdır? — Üç psixoloqun cavabı

İstər valideynlər, istərsə də baba və nənələr çox vaxt uşaqları tərifləyir və onlara heyranlıqlarını bildirirlər. Lakin mütəxəssislərə görə, bunu düzgün şəkildə etmək vacibdir, çünki böyüklərin verdiyi tərif uşağın davranışının formalaşmasına ciddi təsir göstərir.

Bu barədə “Parade” yazır.

Uşaq və yeniyetmə psixoloqu Sara Tannenbaum sadə bir prinsipi vurğulayır: hər konkret davranışa cavab olaraq bir müsbət cümlə. Bu, uşaqlara nəyə görə təriflənmələrini anlamağa və bunu yenidən necə əldə edə biləcəklərini dərk etməyə kömək edir. Psixoloq Holi Şiff əlavə edir ki, tərifin məqsədi yalnız uşağa həmin an yaxşı hiss etdirmək deyil, həm də uzunmüddətli özünəinam, dayanıqlılıq, motivasiya və özünüdərk formalaşdırmaqdır.

Psixoloqların fikrincə, bu məqsədlərə ən yaxşı xidmət edən tərif belə səslənir: “Mən gördüm ki, sən bunun üzərində çox çalışdın”.

Niyə bu ən yaxşı tərifdir?

Bu cür ifadə uşağın yalnız nəticəsinə deyil, keçdiyi prosesə fokuslanır. O, uşağa öyrədir ki, uğurun əsasında anadangəlmə qabiliyyətdən çox, əmək, praktika və əzm dayanır, deyə Şiff bildirir.

Tannenbaum da qeyd edir ki, bu cümlə böyüyün uşağın səylərini gördüyünü və qiymətləndirdiyini göstərir. Bu isə uşağın özünü dəyərli hiss etməsinə, münasibətlərin və əməkdaşlığın güclənməsinə səbəb olur.

Psixoloq İoana Pal isə əlavə edir ki, bu tərif “kompetensiyanı gücləndirir, emosional şüuru inkişaf etdirir və təsdiq ehtiyacını ünsiyyətin mərkəzinə çevirmir”.

Psixoloqlar tərəfindən tövsiyə olunan 7 digər tərif

1. “Məndən birinci dəfə xahiş etdiyimdə yaxşı dinlədin” – uşağa konkret olaraq nəyi düzgün etdiyini və bunu necə təkrarlaya biləcəyini göstərir.

2. “Çətin olsa da, təslim olmadın” – əzmkarlığı və dayanıqlılığı gücləndirir, mükəmməllikdən çox prosesi ön plana çıxarır.

3. “Vay, bunu özün fikirləşdin!” – təşəbbüsü vurğulayır.

4. “Problemi həll etmək üçün öz yolunu tapdın” – uşağın müstəqil düşünməsinə inamı artırır.

5. “Bu çox diqqətli və xoş bir hərəkət idi” – yalnız nəticəni deyil, sosial davranışı da gücləndirir.

6. “Sən bütün xırdalıqlara diqqət etmisən” – məsələn, riyazi tapşırıqda incə məqamları görməsinə görə istifadə oluna bilər.

7. “Gördüyün işlə fəxr edə bilərsən” (“Səninlə fəxr edirəm” əvəzinə) – uşağın öz nailiyyətini özü ilə əlaqələndirməsinə kömək edir.

Uşaqlarla istifadə edilməməli 5 ifadə

1. “Sən bu sahədə ən yaxşısan” – müqayisə yaradır.

2. “Əla işdir” – uşağa nəyi düzgün etdiyini aydın izah etmir.

3. “Səninlə fəxr edirəm” – əgər konkret davranışla bağlanmasa, qeyri-müəyyən qalır.

4. “Sən çox ağıllısan” – həddindən artıq istifadə edildikdə inkişaf düşüncəsini zəiflədə bilər.

5. “Sən mükəmməlsən” – həddən artıq idealizasiya qorxu və təzyiq yarada bilər.

Jalə

Mənbə: demokrat.az